CƏMİYYƏT
Qaradağ rayonunda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir
Bakı, 7 oktyabr (AZƏRTAC). Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2012-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına əsasən, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Şəhidlər” abidə kompleksinin önündə bu rayonun gənclərinin hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qaradağ Rayon Şöbəsinin rəisi vəzifəsini icraçı edən, mayor Məcid Məmmədov mərasimi açıq elan etmiş və dövlət himni səsləndirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov mərasimdə çıxış edərək ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi böhranla üzləşdiyini bildirmişdir. O, həmin dövrdə ordumuzun maddi-texniki təminatı prosesinin problemlərlə müşayiət olunduğunu və siyasiləşmə meyllərinin özünü göstərdiyini qeyd edərək, məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ordu quruculuğu sahəsində ciddi islahatlar aparıldığını, bu sahəyə elmi prinsiplərlə yanaşıldığını və hökm sürən pərakəndəliyin aradan qaldırıldığını vurğulamışdır. Natiq bu gün ordumuzun qüdrətinin artmasına Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısının olduğunu nəzərə çatdırmışdır.
Mərasimdə çıxış edən Şəhid Anaları Cəmiyyətinin sədri Pakizə Abbasova və valideyn Etibar Məmmədov hər bir çağırışçıya Vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirmişlər. Onlar gənclərə şərəflə xidmət etməyi, sağ-salamat evlərinə qayıtmalarını arzulamışlar.
Mərasimin sonunda çağırışçı gənclər üçrəngli bayrağımızın və müqəddəs “Qurani-Kərim”in altından keçərək hərbi hissələrə yola düşmüşlər.