SİYASƏT
Qardaş Türkiyədə baş vermiş faciə ilə bağlı Gəncədə anım mərasimi keçirilmişdir
Gəncə, 15 may (AZƏRTAC, Sabir Əliyev). Qardaş Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində çoxsaylı insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar Gəncədə də anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Türkiyənin Gəncədəki Baş Konsulluğunun vitse-konsulu Özkan Özcan iki qardaş ölkənin və xalqın ağır günlərdə bir-birinin yanında olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin və digər rəhbər şəxslərin, ziyalıların başsağlığı mesajı, eyni zamanda qardaş xalqın göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir.
Türkiyənin Gəncədəki Baş Konsulluğunda keçirilən mərasimdə, həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və başqaları çıxış edərək baş vermiş faciənin Azərbaycanda da böyük kədər doğurduğunu vurğulamış, dəhşətli qəzada həlak olanlara Allahdan rəhmət diləmiş, onların ailələrinə başsağlığı vermişlər.
Anım mərasimində tanınmış ictimai-siyasi xadimlər, Gəncə şəhərində fəaliyyət göstərən türk iş adamları, diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Sonra mərasim iştirakçıları faciə ilə əlaqədar konsulluqda açılmış “Xatirə kitabı”na ürək sözlərini yazmışlar.