SİYASƏT
QARŞIDAKI BEŞ İLDƏ AZƏRBAYCAN DAHA DA QÜDRƏTLƏNƏCƏKDİR
İĞDIRLILAR İLHAM ƏLİYEVİN YENİDƏN PREZİDENT SEÇİLMƏSİNİ ALQIŞLAYIRLAR
Azərbaycanda keçirilən prezident seçkilərini qardaş Türkiyənin İğdır vilayətində də diqqətlə izləyirdilər. Ölkəmizlə əlaqələrə böyük əhəmiyyət verən və bu əlaqələrdən bəhrələnən iğdırlılar seçkilərin nəticələrini ruh yüksəkliyi ilə qarşılamışlar.
İğdırlı jurnalist həmkarımız Sərdar Ünsal seçkilərin nəticələri ilə bağlı həmyerlilərinin rəylərini AZƏRTAC-a göndərmişdir.
Həmkarımızın özü bu fikirdədir ki, İlham Əliyevin növbəti dəfə Prezident seçilməsi Azərbaycan xalqı və dövləti üçün yeni imkanlar açmışdır: “Azərbaycan İlham Əliyevin sayəsində iqtisadi və siyasi sahədə daha da inkişaf edəcək, bölgədə güclü bir dövlətə çevriləcəkdir. Azərbaycan Qafqazda parlayan ulduzdur və qarşıdakı beş ildə daha da qüdrətlənəcəkdir. İlham Əliyevin yenidən prezident seçilməsi türk dünyası üçün də yeni imkanlar deməkdir”.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının fəxri başqanı Yücel Artantaş: “İlham Əliyevin sayəsində Azərbaycan müasir sivilizasiya səviyyəsinə yüksələcəkdir. Hazırda Azərbaycan günbəgün inkişaf edir və güclənir. Seçkilərdə böyük üstünlüklə qalib gəlmiş İlham Əliyev Azərbaycanı daha da inkişaf etdirəcəkdir. Çünki o, Azərbaycan dövlətini güclü, Azərbaycan türkünü isə xoşbəxt etmək istəyir”.
İğdır valisi S.Saffet Karahisarlı: “İlham Əliyevi yenidən dost və qardaş Azərbaycanın Prezidenti seçilməsi münasibətilə öz adımdan və İğdır əhalisi adından təbrik edir, qarşılıqlı əlaqələrimizin bundan sonra da dərinləşməsini arzulayıram”.
İğdır Sənaye və Ticarət Evinin başqanı Kamil Aslan: “İlham Əliyevin yenidən Prezident seçilməsi bizi çox sevindirmişdir. Azərbaycan Qafqazda ancaq İlham Əliyevlə güclü ola bilər. Azərbaycan xalqı bu həqiqəti yaxşı anlayır. Düzgün seçiminə görə qardaşlarımızı təbrik edirəm”.
“Yeşil İğdır” qəzetinin sahibi Cabbar Şıktaş: “İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilmişdir. İlham Əliyev atasından sonra Prezident kürsüsünə əyləşəndə mən onun cavanlığını nəzərə alıb, uğur qazanmayacağını dilə gətirmişdim. Ötən müddət ərzində yeritdiyi milli siyasət onun həqiqətən Heydər Əliyev məktəbi keçdiyini təsdiq etdi. O, cavanlığına baxmayaraq, üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdi. Atalar deyib ki, hər uğurlu kişinin arxasında bir qadın dayanır. Biz qazanılan uğurlarda Mehriban xanımın dəstəyini aydın görürük. İlham Əliyevin yenidən Prezident seçilməsi türk dünyası üçün bir imkandır”.
Mustaş-Kartaş (Mr Fix) şirkətinin sahibi Cəfərəli Taşbağ: “İlham Əliyevin seçkilərdə qələbəsi bizi sevindirir. Bu seçim Azərbaycanın inkişafı üçün çox əhəmiyyətlidir. Azərbaycanın iqtisadi, siyasi, sosial və digər sahələrdə qazandığı uğurların böyük inkişafdan xəbər verdiyini yaxşı bilirik. Bunlar Azərbaycan xalqının rifahının yüksəlməsinə sübutdur. Qazandığı qələbə münasibətilə Prezidentimiz İlham Əliyevi təbrik edir, uğurlarını artırmağı arzulayıram. Yaşasın Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı!”.