REGİONLAR
Qaxda III “Bal bayramı” keçiriləcək
Qax, 12 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sentyabrın 19-da Qax rayonunda III “Bal bayramı” keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının dəstəyi ilə reallaşacaq bayramın keçirilməsində əsas məqsəd rayonun kənd təsərrüfatının ənənəvi sahələrindən olan arıçılığı təbliğ etmək, bu sahəyə marağı artırmaq, həmçinin rayonun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.
Bayramın keçirilməsini təmin etmək məqsədi ilə təşkilat komitəsi yaradılıb, tədbirlər planı təsdiq olunub.
Rəsmi açılış mərasimi Qax şəhərindəki “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində olacaq. Bayrama dəvət olunan qonaqlar və tədbir iştirakçıları bal və arçılıq məhsullarının, arıçılıqda istifadə olunan avadanlığın sərgiləri ilə tanış olacaq, balın süzülməsi prosesini əyani şəkildə izləyəcəklər. Bayramda baldan hazırlanmış geniş çeşiddə mətbəx nümunələri, şirniyyat və xörəklər nümayiş olunacaq, sənətkarların əl işləri sərgilənəcək.
Bayram konsert proqramı ilə başa çatacaq.