SİYASƏT
QAXDA RESPUBLİKA GÜNÜ GENİŞ QEYD OLUNMUŞDUR
Qax, 29 may (AZƏRTAC). 28 May - Respublika günü münasibətilə Qax şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbiri giriş sözü ilə icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın milli azadlıq, müstəqillik və demokratiya ilə bağlı arzularının məntiqi nəticəsi olduğunu bildirmiş, cəmi 23 ay yaşamış dövlətin xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdiyini, bugünkü müstəqilliyimiz üçün möhkəm zəmin yaratdığını xüsusi vurğulamışdır.
İcra hakimiyyəti aparatının şöbə müdiri Məhərrəm Məhərrəmovun “28 May - Respublika günüdür” mövzusunda məruzəsində Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə bir daha geniş nəzər salınmış, müstəqil Azərbaycan Respublikasının məhz Xalq Cümhuriyyətinin varisi olduğu xüsusi vurğulanmışdır. Natiq bildirmişdir ki, XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycan dövlətçiliyi bilavasitə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanılmış və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Tədbirdə çıxış edən natiqlər müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyimiz qarşısındakı tarixi xidmərlərini bir daha yada salmış, onun ideya və arzularının artıq reallığa çevrildiyini, ölkəmizin iqtisadi qüdrətinin artdığını, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini böyük iftixar hissi ilə qeyd etmişlər.