REGİONLAR
Qaxın seçki məntəqələrində referenduma hazırlıq işləri seçki qanunvericiliyinin tələblərinə uyğun aparılır

Qax, 29 avqust, Mustafa Dadaşov, AZƏRTAC
112 saylı Qax seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi məqsədi ilə bu il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi – referenduma hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvim planına uyğun davam etdirilir.
Dairə seçki komissiyasının sədri Abdukərim Əliyev AZƏRTAC-a bildirib ki, səsvermə dairənin tərkibinə daxil olan 58 seçki məntəqəsində keçiriləcək. Bundan əlavə, rayonda məskunlaşan Laçın, Kəlbəcər və Ağdam rayonlarından olan məcburi köçkünlərin səsverməsi üçün əlavə olaraq 3 seçki məntəqəsi də fəaliyyət göstərir. Bütün seçki məntəqələrində cari təmir işləri aparılıb, məntəqələr zəruri avadanlıqla, həmçinin təşviqat materialları və təlimatlarla təchiz edilib.
Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 42080 seçici qeydə alınıb. Seçici siyahıları artıq məntəqələrə paylanılıb.
Dairə seçki komissiyaları üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin peşəkarlığının artırılması məqsədi ilə seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kurslar da təşkil edilib.