İQTİSADİYYAT
Qaz Anbarlarının İstismarı İdarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müşavirə keçirilmişdir
Bakı, 2 noyabr (AZƏRTAC). ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Azneft” İB-nin Qaz Anbarlarının İstismarı İdarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 9 aylıq hesabata həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə idarənin baş mühəndisi Zaur Bağırov müəssisənin fəaliyyətini təhlil etmiş, struktur sahələrdə əmək şəraitinin yaxşılaşdırılması üçün ayrılmış vəsaitlər və bundan sonra planlaşdırılan işlər haqqında ətraflı məlumat vermişdir. Sonra hesabat iştirakçıların nəzərinə çatdırılmışdır.
Müzakirələr zamanı “Azneft” İB baş direktorunun müavini Cəlair Səmədov idarədə əməyin təhlükəsizliyi üzrə tədbirlərin düzgün istiqamətləndirilməsinin və texnoloji xidmətlərin təşkil olunmasına diqqətin artırılmasının, kadr seçimi və yerlərdə onların işinə nəzarətin düzgün qurulmasının əməyin təhlükəsizliyinə öz töhfəsini verəcəyini bildirmiş, işin beynəlxalq standartlara uyğunlaşdırılması və sertifikatlaşdırılması üçün əməyin mühafizəsinin rolunu qeyd etmişdir.
Tədbirdə əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsi üzrə qarşıda duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.