İQTİSADİYYAT
Qaz istismar sahələrində görülmüş işlər müsbət nəticələr verir
Bakı, 9 sentyabr (AZƏRTAC). Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması, qaz itkilərinin azaldılması, istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidən qurulması məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyinin (İB) qaz istismar sahələrinin (QİS) daxili imkanları hesabına gördükləri işlər müsbət nəticəsini verməkdədir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvar-iyul ayları ərzində qaz istismarı sahələrinin daxili imkanları hesabına 246 min 70 metr müxtəlif diametrli yeni qaz xətləri çəkilmiş, 956 ədəd qaztənzimləyici və 638 ədəd siyirtmə quraşdırılmışdır.
Həyata keçirilmiş tədbirlər nəticəsində 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə təbii qaz itkisi 5,5 faiz, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 10,6 faiz azalmışdır.
2013-2014-cü illərin payız-qış mövsümündə istehsalatın ahəngdar işləməsini və istehlakçıların fasiləsiz təbii qaz təchizatını təmin etmək məqsədi ilə xüsusi tədbirlər proqramı hazırlanmışdır. Proqramda nəzərdə tutulmuş işlər mərhələlərlə həyata keçirilir. Bununla yanaşı, təbii qazdan istifadə qaydalarının abonentlərin nəzərinə çatdırılması, uyğunluq sertifikatı olmayan qaz cihazlarının istismardan çıxarılması, rezin boru birləşmələrinin ləğv edilməsi və zirzəmilərdə, yarımzirzəmilərdə təbii qazdan istifadə hallarının qarşısının alınması istiqamətində də müvafiq tədbirlər görülmüşdür.