DÜNYA
Qazaxıstan alimi ili 13 aya bölməyi təklif edir
Bakı, 22 oktyabr (AZƏRTAC). Qazaxıstan alimi Saydıbay Bekbolatov yeni təqvim işləyib hazırlamışdır. Onun fikrincə, bir il 12 deyil, 13 aydan, hər ay isə 28 gündən ibarət olmalıdır. Yeni il mart ayından və sıfırdan hesablanmalıdır. İlandaşıyan adlandırılmış əlavə ay noyabr və dekabr ayları arasında yerləşir.
Bekbolatov öz versiyasını belə izah edir: “Günəşin birillik yolu 13 bürcdən keçir. İndiki təqvimdə isə 12 ay qeyd olunmuşdur. Bir bürc ümumiyyətlə ixtisar olunmuşdur və heç yerdə göstərilmir. Səbəb isə 13 rəqəminin nəhs sayılmasıdır”.
Müəllifin “Qazaxların əbədi təqvimi” adlandırdığı təqvim hamı tərəfindən qəbul olunmuş Qriqorian təqvimindəki səhvi düzəltmək məqsədi daşıyır. Alimin fikrincə, sonuncu təqvim hazırlanarkən dəqiq rəqəmsal sistem mövcud deyildi. Ona görə də bəşəriyyət hər il altı saat itirmişdir.
Bir il günlərin sayına görə ölçülür. Bir ildə düz 365 gün olmalıdır. Qriqorian təqvimi dəqiq deyildir, çünki sıfırdan başlayan dəqiq rəqəmsal sistem yox idi. İl sıfırıncı gündən başlamalıdır. Xətkeşə baxın. Orada birinci bölgü 0-dan 1-dəkdir. Yaxud elektron saata baxın. Burada hesablama 00 dəqiqə 00 saniyədən başlayır. Səhv hesablamalar nəticəsində hər il 365 gündən 6 saat itir. Bu boşluğu doldurmaq üçün yol tapılmışdır: hər dörd ildən bir il bir gün uzanır.
Alim öz kəşfini BMT-də müzakirəyə çıxarmağa hazırlaşır.