ELM VƏ TƏHSİL
Qazaxıstan Milli Test Mərkəzi Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə sıx əməkdaşlıq edir
Bakı, 23 noyabr (AZƏRTAC). Qazaxıstan Təhsil və Elm Nazirliyinin Milli Test Mərkəzi (MTM) Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə sıx əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan MTM-in sədri Jandos Axmetov “Tələbə Qəbulu üzrə Dövlət Komitəsi - 20 il: inkişaf mərhələləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində bildirmişdir.
Jandos Axmetov Azərbaycana gəlməkdən və belə mühüm tədbirdə iştirak etməkdən məmnun olduğunu söyləmişdir.
J.Axmetovun sözlərinə görə, dinlənilən çıxışlar və məruzələr maraqlı və faydalı olmuşdur. Konfrans iştirakçıları təcrübə mübadiləsi apara, habelə bu gün və sabah bölmələrdə müxtəlif test sistemləri ilə tanış ola və gələcəkdə onların bəzilərini tətbiq edə bilərlər. Yeni beynəlxalq təcrübəni öyrənmək, təkmilləşdirmək və inkişaf etdirmək lazımdır.
Qeyd edək ki, Jandos Axmetov konfransda “Qazaxıstan Respublikasında paralel müsabiqələr zamanı dövlət təhsil qrantlarının ardıcıl paylanması” mövzusunda məruzə ilə çıxış etmişdir.