DÜNYA
Qazaxıstan və Özbəkistan prezidentləri strateji tərəfdaşlığa dair müqavilə imzalamışlar
Daşkənd, 14 iyun (AZƏRTAC). Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Özbəkistanda səfərdə olmuşdur.
Nursultan Nazarbayevin Özbəkistan Prezidenti İslam Kərimovla görüşündə siyasi, ticari-iqtisadi, nəqliyyat-kommunikasiya, su-energetika, hərbi-texniki, ekologiya, mədəni-humanitar və digər məsələlər müzakirə edilmiş, regional və beynəlxalq problemlər, o cümlədən Əfqanıstanda vəziyyət və bir sıra digər məsələlərə dair geniş fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, gələn il Əfqanıstandan NATO qüvvələrinin çıxarılması nəzərdə tutulur və bununla əlaqədar bölgədə gərginliyin artması istisna edilmir. Tərəflər bununla bağlı regionda sülh və sabitliyin qorunub saxlanması üçün səylərin əlaqələndirilməsi vacibliyinə toxunmuşlar.
Görüşdə vurğulanmışdır ki, qonşu dövlətlərdə inşa edilən hər hansı hidrotexniki qurğu Birləşmiş Millətlər Təşkilatının himayəsi altında beynəlxalq ekspertizadan keçirilməli, Amudərya və Sırdərya çaylarının aşağı axınında yerləşən ölkələrlə razılaşdırılmalıdır. Belə ki, Raqun hidroelektrik stansiyasında bəndin hündürlüyünün 330 metr, Kambarata-1 layihəsində isə 260 metr olması nəzərdə tutulur. Bu parametrlər isə seysmik zona üçün olduqca təhlükəlidir.
Danışıqların yekunu olaraq dövlət başçıları Özbəkistanla Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında müqavilə və bir sıra digər sənədlər imzalamışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd