REGİONLAR
Qəbələ rayonunun Zarağan kəndində 528 şagird yerlik yeni məktəb binası istifadəyə verilib
Qəbələ, 15 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin 2020-ci il iyulun 30-da imzaladığı Sərəncama əsasən, Qəbələ rayonunun Zarağan kəndində 1 nömrəli tam orta məktəb üçün inşa edilən 528 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatıb. Məktəb sentyabrın 15-də - “Bilik günü”ndə şagirdlərin istifadəsinə verilib.
Bu münasibətlə keçirilən mərasimdə elm və təhsil nazirinin müavini İdris İsayev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Qəbələ rayonu üzrə Təhsil sektorunun müdiri Arifə Bayramova, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.
Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.
Mərasimdə elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək, məktəbin kollektivini, rayonun təhsil işçilərini “Bilik günü” münasibətilə təbrik edib. Nazir müavini təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazasının daha da möhkəmləndirildiyini diqqətə çatdırıb, qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.
Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar. Üçmərtəbəli yeni məktəb binasında kimya, biologiya, fizika kabinetləri daxil olmaqla, 26 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, kitabxana, yeməkxana, hərbi təlim, tibb və arxiv otaqları, idman meydançası şagirdlərin istifadəsinə verilib.