SİYASƏT
Qəbələ RLS-dən istifadə Azərbaycan ilə Rusiya arasındakı münasibətlərin, strateji tərəfdaşlığının göstəricisidir
Bakı, 10 avqust (AZƏRTAC). “Azərbaycan heç bir zaman öz mülkiyyəti olan Qəbələ RLS-dən qonşu dövlətlərin, xüsusilə müttəfiqlərinin maraqlarına zidd istifadə olunmasına yol verməyib və bundan sonra da verməyəcəkdir”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə demişdir.
A.Mirzəzadə bildirmişdir ki, bu il stansiyanın istismarına dair müqavilənin müddəti bitdiyi üçün tərəflər sənədin şərtlərini yenidən nəzərdən keçirirlər. Azərbaycan tərəfi qiymətlərin, eləcə də situasiyanın xeyli dərəcədə dəyişdiyini nəzərə alaraq qiymətlərin artırılması və bir sıra məsələlərlə bağlı öz təkliflərini irəli sürmüşdür. Rusiya tərəfi bu təklifləri müzakirə etməkdədir. Eyni zamanda, Rusiya tərəfindən Qəbələ RLS-in modernləşdirilməsi ilə bağlı təkliflər daxil olmuşdur. Bu təklifi mülkiyyət sahibi olaraq Azərbaycan nəzərdən keçirir və müvafiq qərara gəlinəcəkdir.
A.Mirzəzadənin fikrincə, Qəbələ RLS-dən istifadə Azərbaycan ilə Rusiya arasındakı münasibətlərin, strateji tərəfdaşlığının göstəricisidir və bundan sonra da tərəflər bu münasibətləri daha da inkişaf etdirmək əzmindədir. Həmçinin Azərbaycan mülkiyyət sahibi kimi günün tələblərinə uyğun qiymətlər ortaya qoymaq və onun istifadəsində öz maraqlarının tam nəzərə alınmasını qarşı tərəfdən tələb etmək hüququna malikdir.
Bəzi ekspertlər Qəbələ RLS-dən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Rusiyaya qarşı bir təsir vasitəsi kimi istifadə edilməsinə dair fikirlər səsləndirirlər. Əslində bir məsələni digəri ilə bağlamaq düzgün deyildir. Dağlıq Qarabağ problemi çoxşaxəli, dərin və beynəlxalq səviyyəli bir məsələdir. Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Azərbaycan öz prinsipial mövqeyini bütün görüşlərdə səsləndirir və burada Rusiya tərəfinin mövqeyimizi qəbul etdiyi bizi razı salan şərtlərdəndir. Bu baxımdan Azərbaycan hər bir məsələni ilk növbədə özünün və regionun maraqlarına uyğun həll etməyə çalışır.