SİYASƏT
Qəbələdə ilk dəfə səs verən gənclər üçün “Sənin səsin - sənin seçimin” mövzusunda seminar keçirilmişdir
Qəbələ, 9 aprel (AZƏRTAC). “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Qəbələ rayonunda “Sənin səsin - sənin seçimin” mövzusunda seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə aprelin 8-də Qəbələ şəhərində keçirilən tədbirdə çıxış edənlər bildirmişlər ki, “Sənin səsin-sənin seçimin” layihəsinin əsas məqsədi ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, informasiya çatışmazlığının aradan qaldırılması, gənclərin seçkilərdə fəal iştirakına, vətəndaş cəmiyyətinin inkişafına töhfə verməkdir.
Tədbirdə layihənin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin rəhbəri Nurəddin Mehdiyev qeyd etmişdir ki, bu il ölkəmizdə mühüm siyasi kampaniya - Azərbaycan Respublikası Prezidentinin seçkiləridir. Ölkəmizdə 18 yaşına çatmış bütün vətəndaşların aktiv seçki hüququ vardır. Bu layihə seçkilərin praktiki-qanunvericilik aspektlərinin daha dərindən dərkinə, gənclərin maarifləndirilməsinə və eyni zamanda seçkilərdə daha fəal iştirakına imkan yaradacaqdır. Seminar zamanı seçkilərin məqsədi və rolu, seçki sistemləri, beynəlxalq təcrübə və Azərbaycan, seçki məcəlləsi Azərbaycanda ədalətli və demokratik seçkilərin təminatı kimi, seçki hüququ və onun təminatları, Azərbaycanda seçkilərin keçirilməsi prinsipləri, seçicilərin vəzifələri, Azərbaycan Respublikasının Prezidenti-Azərbaycan dövlətinin başçısıdır, seçki komissiyaları - seçkilərin təşkili və keçirilməsinin təminatıdır, seçkilər prosesində aşkarlıq, müşahidəçilik institutu, seçici siyahıları, seçki prosesi, vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət və vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət, səsvermə günü seçki hərəkətləri, səsvermə qaydası, səsvermə günü "exit poll"un keçirilməsi kimi mövzularda mühazirələr edilmişdir.
Tədbirdə ilk dəfə səs verən gənclərə şəxsiyyət vəsiqələri də təqdim olunmuşdur. Seminarda seçki maariflənməsi ilə bağlı hazırlanmış video çarx nümayiş etdirilmiş, seçki hərəkətləri ilə bağlı simulyasiya oyunları təşkil olunmuşdur. İlk dəfə səs verən gənclərə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən hazırlanmış “Seçki təlimat jurnalı”, “İlk dəfə səs verən gənclər üçün yaddaş kitabçası” paylanmışdır. Bundan əlavə layihə iştirakçılarına təsvirli köynəklər, bukletlər, cib təqvimləri də paylanmışdır.
Qeyd edək ki, layihə çərçivəsində açılmış “Sənin səsin-sənin seçimin” adlı facebook səhifəsi vasitəsilə də ilk dəfə səs verən gənclərin maarifləndirilməsi işi həyata keçirilir. Layihə çərçivəsində Azərbaycanın 30 rayonunda ilk dəfə səs verən gənclərin seçki qaydaları ilə bağlı maarifləndirilməsi planlaşdırılır.