MƏDƏNİYYƏT
Qəbələdə keçirilən pianoçuların II beynəlxalq müsabiqəsinin final mərhələsi başlanmışdır
Qəbələ, 22 iyul (AZƏRTAC). Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ Üçüncü Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən pianoçuların II beynəlxalq müsabiqəsinin final mərhələsinə start verilmişdir. AZƏRTAC xəbər verir ki, iyulun 21-də “Qafqaz Resorte” otelində keçirilən müsabiqənin final mərhələsinin ilk günündə Nərgiz Kəngərli (Azərbaycan), Mizuho Nakada (Yaponiya), Aleksandr Vaşadze və Anna Kipiani (Gürcüstan) bacarığını nümayiş etdirmişdir. Hər biri ayrı-ayrılıqda çıxış edən gəncləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşaiyət etmişdir. Orkestrə bədii rəhbər, Xalq Artisti, “Şöhrət” ordenli Rauf Abdullayev dirijorluq etmişdir.
İyulun 22-də isə Andrey Yaroşinski (Rusiya), Ketevan Cakarataşvili, Aleksandr Samoilov (Ukrayna) çıxış edəcəklər. Sonda BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culiard Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın rəhbərliyi ilə 11 ölkədən məşhur pianoçuların təmsil olunduğu münsiflər heyətinin finalla bağlı yekun qərarı açıqlanacaqdır.