REGİONLAR
Qəbələdə “Könüllülər kuboku” uğrunda şahmat turnirində 20 şahmatçı mübarizə aparıb
Qəbələ, 28 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunda “Könüllülər kuboku” uğrunda şahmat üzrə rayon turnirinə yekun vurulub. Gənclər və İdman Nazirliyinin və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq keçirilən yarışda 16-29 yaş arasında 20 oğlan və qız şahmatçı mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Yarışın keçirilməsində məqsəd şahmat idman növünün kütləviliyini təmin etmək, şahmatçıların idman ustalıqlarını artırmaq və təkmilləşdirmək, həmçinin müvafiq yaş qrupları üzrə rayonun yığma komandasının tərkibini müəyyənləşdirməkdir.
Yarışın yekun nəticələrinə əsasən, Şahsuvar Məmmədəliyev turnirin qalibi adını qazanıb. Sonrakı yerləri Məhəmmədəmin Tağıyev və Fərhad Əliyev tutublar.
Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.