CƏMİYYƏT
Qəbələdə MTN əməkdaşlarının peşə bayramı qeyd edilmişdir
Qəbələ, 28 mart (AZƏRTAC). Qəbələ rayonunda Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, MTN Qəbələ rayon şöbəsinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə gül dəstələri düzmüşlər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edənlər təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan danışmışlar. Natiqlər təhlükəsizlik orqanlarının yaranmasından ötən 94 il ərzindəki fəaliyyətindən, ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri kimi bu sahədəki əvəzsiz xidmətlərindən, 1991-ci ildə MTN-nin yaradılmasından sonra milli maraqlara söykənərək ictimai təhlükəsizlik qaydalarının daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısından söz açmışlar.
Tədbirdə ölkənin müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanlarının daim yüksək sayıqlıq və peşəkarlıq göstərdiyi xüsusi qeyd edilmişdir.
Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərmanlar təqdim olunmuşdur.