MƏDƏNİYYƏT
Qəbələdə “Multikulturalizm diyarı Azərbaycan” adlı layihənin icrasına başlanılıb
Bakı, 23 may, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, “Uğurlu Gələcək” İctimai Birliyinin təşkilatçılığı ilə Qəbələdə “Multikulturalizm diyarı Azərbaycan” adlı layihənin icrasına başlanılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu layihə çərçivəsində Qəbələ rayonunda bir sıra seminarların keçirilməsi, habelə multikulturalizm mövzusunu əks etdirən rəsm sərgisinin təşkili nəzərdə tutulur.
Layihənin məqsədi Azərbaycanda multikulturalizmin artıq dövlət siyasətinə çevrilməsini və həyat tərzi olduğunu bir daha göstərməkdir. Təsadüfi deyil ki, Azərbaycan son illərdə beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edir və dialoq mərkəzinə çevrilməkdədir. Ölkəmizdəki sabitliyin, dini dözümlülüyün, millətlər arasında qarşılıqlı münasibətlərin yüksək səviyyəsi Azərbaycana gələn bütün qonaqları valeh edir.