SİYASƏT
Qəbələdə “Müstəqillik-20: Regionların sosial-iqtisadi inkişafı” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Qəbələ, 18 iyul (AZƏRTAC). “Azərbaycan” qəzetinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqillik-20: Regionların sosial-iqtisadi inkişafı” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoymuşlar.
Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelində keçirilən tədbirdə Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Milli Məclisin deputatı Fəttah Heydərov, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək gənc müstəqil dövlətimizin keçdiyi şanlı yoldan ətraflı söhbət açmışlar.
Natiqlər qeyd etmişlər ki, Azərbaycan xalqı bir əsrdə ikinci dəfə dövlət müstəqilliyinə qovuşanda misilsiz bir xoşbəxtlik hissi yaşayırdı. Ancaq müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edənlərin təcrübəsizliyi ucbatından ölkə vətəndaş müharibəsi həddinə gətirilmiş, xaos və anarxiya mühiti formalaşmış, müstəqilliyin məhv olması təhlükəsi yaranmışdı. Xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ölkədə vətəndaş müharibəsinin qarşısını almış, xaos və anarxiyaya son qoyulmuş, xalqın dövlətə inamı bərpa edilmiş və ən başlıcası dövlət müstəqilliyimizin ikinci dəfə əldən getməsi təhlükəsi sovuşmuşdur.
“Dəyirmi masa”nın iştirakçıları bildirmişlər ki, ulu öndərin və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin xidmətləri sayəsində ölkəmizin bütün bölgələrinin, o cümlədən Qəbələ rayonunun sosial-iqtisadi inkişafı sürətlənmiş, infrastruktur bərpa edilmiş, tikinti-quruculuq işləri, turizm və sahibkarlığın inkişafı nəticəsində minlərlə yeni iş yerləri açılmışdır.
Qəbələnin ötən 20 il ərzində qazandığı uğurlar konkret faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, 20 il ərzində təkcə Qəbələ rayonu deyil, bütövlükdə respublikamız mükəmməl bir inkişaf yolu keçmişdir. Dövlətin yeritdiyi sosialyönümlü daxili siyasət nəticəsində ölkə əhalisinin rifah halı gündən-günə yaxşılaşmış, respublikamız beynəlxalq aləmdə özünəməxsus nüfuz qazanmışdır.
“Dəyirmi masa”da rayon ziyalıları, sahibkarlar çıxış edərək müstəqilliyin qorunub saxlanılmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycanın hərtərəfli inkişafından söz açmış, müstəqilliyin xalqımıza bəxş etdiyi xoşbəxtlikdən danışmışlar.