REGİONLAR
Qəbələdə Soyqırımı Gününə həsr edilmiş sərgidə 40-dək rəssamın əsəri nümayiş olunub
Qəbələ, 31 mart, Mustafa Dadaşov, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qəbələ Mədəniyyət Mərkəzində “31 Mart - bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda rəsm sərgisi təşkil edilib. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Qəbələ Dövlət Rəsm Qalereyasının dəstəyi ilə keçirilən sərgidə 40-dək yeniyetmə və gənc rəssamın rəsm əsərləri nümayiş olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi yad edilib.
Tədbiri Rəsm Qalereyasının direktoru Təzəgül Nəsmiyeva açaraq, xalqımıza qarşı törədilən soyqırımı hadisələrinin tariximizin faciəli səhifələri olduğunu bildirib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxışında Mart soyqırımının əsrin ən dəhşətli və qəddarcasına törədilmiş faciələri ilə eyni səviyyədə durduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra sərgiyə baxış olub. Müəlliflər təqdim etdikləri rəsm əsərləri haqqında məlumat veriblər.
Sonda sərgidə iştirak edən yeniyetmə və gənc rəssamlara fəxri fərmanlar təqdim edilib.