REGİONLAR
Qəbələdə yazlıq və payızlıq bitkilərin əkin sahəsi və məhsuldarlıq artmışdır
Qəbələ, 28 yanvar (AZƏRTAC). Qəbələ rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, 2012-ci il rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində uğurlu il olmuşdur.
Belə ki, ötən il rayonda torpaq sahibləri 25 min 820 hektar sahədə payızlıq dənli bitkilər əkmişlər. Bunun 20 min 120 hektarını buğda, 5 min 700 hektarını isə arpa sahələri təşkil etmişdir. Fermerlər ümumilikdə 61 min 968 ton taxıl istehsal etmişlər ki, bu da əvvəlki ildəkindən 3 min 450 ton çoxdur.
Taxılçılığın inkişafına təsir edən mühüm amillərdən biri də yüksək məhsuldar toxum növlərinin əldə olunması üçün rayonda fəaliyyət göstərən 6 özəl toxumçuluq təsərrüfatının ötən il 1759 ton toxum istehsal etməsidir.
Bundan əlavə, 2012-ci ilin məhsulu üçün 5 min 912 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Bunun da 1074 hektarını kartof, 2 min 86 hektarını tərəvəz, 1362 hektarını qarğıdalı, 132 hektarını bostan bitkiləri, 1258 hektarını isə birillik və çoxillik ot təşkil edir. Həmin sahələrdən 7 min 17 ton kartof, 9 min 13 ton tərəvəz, 1868 ton bostan məhsulu, 963 ton qarğıdalı istehsal olunmuşdur. Bütün əkinlərdə məhsuldarlıq əvvəlki ildəkindən çox olmuşdur.