MƏDƏNİYYƏT
Qədim Lahıcın sənətkarlıq nümunələri bu gün dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəyir
İsmayıllı, 19 avqust (AZƏRTAC). Zərdab rayonunun ümumtəhsil məktəblərinin bir qrup yuxarı sinif şagirdi “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində avqustun 19-da İsmayıllı rayonuna gəldilər.
AZƏRTAC xəbər verir ki, günorta vaxtı rayon mərkəzindən 36 kilometr məsafədə yerləşən Lahıca çatan tur-aksiya iştirakçıları ölkəmizin qədim yaşayış məntəqələrindən biri kimi tanınan bu qəsəbə ilə ətraflı tanış oldular.
Lahıc sənətkarlarının hazırladıqları incə naxışlarla bəzədilən çoxsaylı məişət və bəzək əşyaları ilə zəngin mağaza və emalatxanaların sıralandığı baş küçə məktəblilərdə xoş təəssürat yaratdı. Burada onlara qəsəbənin coğrafi mövqeyi, tarixi, insanların məşğuliyyəti, qədim və orta əsr memarlıq abidələri barədə geniş məlumat verildi. Bildirildi ki, XVIII-XIX əsrlərdə misgərlik və silah istehsalı mərkəzi kimi tanınan Lahıcda 30-dan çox sənət növü inkişaf edib. Girdiman çayının sahilində yerləşən yaşayış məntəqəsi Azərbaycanın planla tikilmiş feodal şəhərlərindən biridir. Memarlıq quruluşu və abidələri ilə seçilən Lahıc 1981-ci ildən tarix-mədəniyyət qoruğu elan edilib. Burada yaşayıb-yaratmış misgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri bu gün dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəyir.
AZƏRTAC-a müsahibəsində qəsəbə ilə tanışlıqdan aldığı təəssüratlardan söhbət açan Zərdab rayonundakı Pərvanlı kənd tam orta məktəbinin XI sinif şagirdi Xalid Xalidli dedi: “Kür sahilində yerləşən Zərdabın və dağlar qoynunda qərar tutmuş İsmayıllının özlərinə məxsus olan gözəllikləri var. Daha yaxından tanış olduğum Lahıc qəsəbəsi mənə xoş anlar yaşatdı. Sanki keçmişə səyahət etdim. Buradan Qəbələyə, oradan isə Şəkiyə gedəcəyik. Azərbaycanın üç bölgəsi, onların qədim tarixi, bu günü barədə bilgilər alacağıq. Bu, yay tətili günlərində biz məktəblilər üçün çox maraqlıdır. Biz məktəblilərə belə bir şəraiti yaratdığına görə Prezidentimizə minnətdaram.”
Axşam çağı tur-aksiyanın iştirakçıları Qəbələyə yola düşdülər.