İQTİSADİYYAT
Qeyri-neft ixracı 45 faiz artıb
Bakı, 30 aprel, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 727,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 225,6 milyon ABŞ dolları və ya 45 faiz artıb.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın aprel sayına istinadla bildirir ki, üç ayda meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 faiz artaraq 124,9 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 10 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,9 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 48,7 faiz, pambıq iplik ixracı 29,3 faiz, pambıq lifi ixracı isə 5,6 faiz artıb.