DÜNYA
Qida qəbulundan dərhal sonra meyvə yemək ziyandır
Bakı, 28 yanvar (AZƏRTAC). Hamı bilir ki, meyvə çox faydalıdır və tez-tez meyvə yemək lazımdır.
Təəssüf ki, bir çox adamlar möhkəm yedikdən sonra meyvə deserti qəbul edir və ya şirə içirlər, bununla da öz sağlamlıqlarına ciddi ziyan vururlar. Orqanizmin maksimum faydalanması üçün qida qəbul etdikdən dərhal sonra meyvə yemək tövsiyə olunmur.
Yeməkdən dərhal sonra meyvə yemək olmaz, belə ki, meyvə əsas qidaya qarışaraq turşuyur və qıcqırır.
Qida qəbul etdikdən ən azı 2-4 saat sonra meyvə yemək olar. Əgər bişmiş tərəvəz, yaxud təzə tərəvəz salatı qəbul edilibsə, fasilə təqribən 2 saat olmalıdır. Yarma təxminən 3 saata həzm olunur. Toyuq, mal əti, yumurta yemisinizsə, yaxşı olar ki, 4-5 saat və daha çox fasilə verəsiniz.
Ən yaxşı variant meyvəni yeməyə yarım saat, bir saat qalmış, yaxud yeməklərarası fasilələrdə qəbul etməkdir. Meyvəni acqarına yedikdə vitaminlər maksimum həzm olunur və biz artıq kiloqramlarımızı itiririk. Meyvələri natural şəkildə yemək lazımdır. Meyvələrin qabığında da bir çox faydalı maddələr vardır. Buna görə, mümkünsə, ondan da (deyək ki, almanın, armudun qabığından) istifadə edin.
Yadda saxlayın ki, termik emaldan sonra meyvələrdəki vitaminlərin və mineralların əksəriyyəti itir. Mürəbbə və cem bişirildikdən sonra vitaminlərin çox hissəsi itir, əvəzində çoxlu kalori qalır.
Günün birinci yarısı meyvə yemək üçün ən yaxşı vaxtdır. Əgər bu məhsullar göstərilən vaxt yeyilərsə, mədəniz günün qalan hissəsini düzgün işləyəcəkdir. Xüsusən səhərlər içdiyiniz bir fincan çayı və qəhvəni bir stəkan təzə şirə ilə əvəz edin.