CƏMİYYƏT
Qida subyektləri üçün HACCP sisteminin tətbiqi zərurətə çevrilir
Bakı, 31 mart, AZƏRTAC
Müasir dünyada qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri üçün öz obyektlərində HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin tətbiqi zərurətə çevrilir. Qida təhlükəsizliyinin təmin edilməsinə yönələn bu sistem bütün mümkün təhlükə və risklərin qiymətləndirilərək nəzarətə götürülməsini və qida mənşəli xəstəliklərin və ya zəhərlənmə hallarının risklərini aradan qaldırmağı hədəfləyir.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən tədris olunan onlayn təlimdə məlumat verilib. Qida Təhlükəsizliyi İnstitutu, UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə keçirilən təlim “Qidalanmanın təşkilinə dair tələblər” mövzusuna həsr olunub.
Təlimdə mövzuya dair təqdimatla yanaşı, iştirakçılara qida təhlükəsizliyi məfhumu, qida məhsullarının çirklənmələri, fiziki, mikrobioloji, kimyəvi və çarpaz çirklənmələr, allergenlər, temperatur amili, zərərvericilər və onlara qarşı mübarizə, həşəratlara və gəmiricilərə qarşı mübarizə avadanlıqları və preparatlarından danışılıb. Həmçinin “Qida təhlükəsizliyi” haqqında qanunvericilikdən bəhs olunub, nəzarət tədbirləri, konservləşdirmə, təbii müayinələrin izlənilməsi qaydası, əllərin yuyulması qaydası, “Codex Alimentarius”, izlənəbilərlilik sisteminin təmin edilməsi, meyvə və tərəvəzin dezinfeksiyası, istehsalat korluğu və s. istiqamətlər haqqında məlumat verilib, mövzu ətrafında diskussiya aparılıb.
Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan onlayn seminarlar ilk mərhələdə 30 iştirakçı üçün nəzərdə tutulub və ümumilikdə 12 mövzunu əhatə edir.