SİYASƏT
Qırğızıstan Milli Elmlər Akademiyası ilə Qazaxıstanın Astana şəhərindəki Türk Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır
Bişkek, 8 aprel (AZƏRTAC). Bişkekdə Qırğızıstan Milli Elmlər Akademiyası (QMEA) ilə Qazaxıstanın Astana şəhərindəki Türk Akademiyası (TA) arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.
Sənədi QMEA-nın prezidenti Abdıqani Erkebaev və TA-nın prezidenti Darxan Kıdırali imzalamışlar.
Memorandum bu qurumlar arasında elmi-tədqiqatlar sahəsində ikitərəfli əməkdaşlığın şərtlərini tənzimləyir. Sənəddə deyilir ki, tərəflər Memorandum çərçivəsində əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində fəaliyyət göstərəcək, digər türkdilli dövlətlər əməkdaşlığa dəvət olunacaqlar.
Sənəddə qeyd olunur ki, türkologiya sahəsində birgə konfrans, seminar və simpoziumların, həmçinin digər tədbirlərin keçirilməsi də nəzərdə tutulur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek