CƏMİYYƏT
Qırğızıstanın Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi üçün “Əmək müqaviləsi bildirişi” altsisteminin təqdimatı olub
Bakı, 11 dekabr, AZƏRTAC
Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi əmək müqavilələrinin elektron qeydiyyat sistemi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təcrübəsini öyrənir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iki nazirlik arasında videokonfrans formatında keçirilən və Beynəlxalq Əmək Təşkilatı nümayəndələrinin iştirak etdiyi görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycan və qırğız xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrini qeyd edib. O, iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, əmək və sosial müdafiə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb.
A.Kərimov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə sosial sahədə aparılan islahatları diqqətə çatdıraraq DOST konsepsiyası, nazirliyin fəaliyyət istiqamətləri üzrə rəqəmsal texnologiyaların geniş tətbiqi işləri barədə məlumat verib. Elektron xidmətlərin dairəsinin daim genişləndirildiyini, nazirlik üzrə 170 xidmətdən 105-nin e-platforma üzərindən göstərildiyini, e-sosial.az portalını, sosial ödənişlərin proaktiv qaydada təyinatı sistemlərini qeyd edib. Məşğulluq xidmətləri sahəsində innovativ həllərin tətbiqi və rəqəmsallaşdırma işlərini diqqətə çatdırıb.
Nazir müavini elektron nailiyyətlərdən olan “Əmək müqaviləsi bildirişi” altsistemi, onun əmək münasibətləri sisteminə gətirdiyi faydalar barədə məlumat verib.
Qırğız Respublikasının əmək, sosial təminat və miqrasiya nazirinin müavini Nurdoloot Bazarbayev iki ölkə arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu deyib. O, iki nazirlik arasında əməkdaşlığın genişlənməsində, əmək, məşğulluq, sosial müdafiə sahəsində islahatlar, innovativ yeniliklərin tətbiqi ilə bağlı təcrübə mübadilələrində maraqlı olduqlarını bildirib.
Sonra Qırğızıstanın Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi əməkdaşları üçün “Əmək müqaviləsi bildirişi” altsisteminin təqdimatı olub və onları maraqlandıran suallar cavablandırılıb.