İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 15-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, hərraca çıxarılan notların həcmi 50 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür.
Notlar martın 15-də ödəniləcək.
Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.
Hərrac zamanı, notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.