ELM VƏ TƏHSİL
Qiymətləndirmə vasitələrinin hazırlanmasına dair hazırlıq kurslarına qeydiyyat davam edir
Bakı, 14 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) kimya, fizika, biologiya, coğrafiya, tarix, ingilis dili və rus dili fənləri üzrə imtahanlarda istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətə başlayacaq.
DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və magistrantları da iştirak edə bilərlər.
Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyatdan keçmək lazımdır.
Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb olunaсaq.
Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və magistrantları üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.
Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər (012) 310-53-16 (daxili nömrə: 1524) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Regional bölmələrin ünvanları və əlaqə vasitələri DİM-in saytında yerləşdirilib.