İDMAN
Qız boksçularımız Rostovda keçirilmiş beynəlxalq turnirdə beş medal qazanmışlar
Bakı, 13 avqust (AZƏRTAC). Rusiyanın Rostov şəhərində üç ölkənin – Azərbaycan, Ukrayna və Rusiyanın gənc qızlardan ibarət milli komandalarının iştirakı ilə boks turniri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan milli komandası bir qızıl, bir gümüş və üç bürünc medala sahib olmuşdur.
Boksçumuz Alina Hacıyeva bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Anaxanım Ağayeva yalnız finalda uduzaraq, gümüş medala sahib olmuşdur. Məshəti Həmzəyeva, Məryam Cəbrayılova və Leyla Həsənova isə bürünc medal qazanmışlar.
Qeyd edək ki, yarış sentyabrın 20-dən 29-dək Bolqarıstanın Albena şəhərində keçiriləcək gənclər və yeniyetmələr arasında Avropa birinciliyinə hazırlıq xarakteri daşımışdır.