DÜNYA
Qızıl və mis ucuz yanacaq mənbəyidir
Bakı, 19 aprel (AZƏRTAC). Mis hər kəsə tanış olan metaldır. Lakin çox az adam bilir ki, mis karbon qazını nisbətən az enerji sərfi ilə karbohidrogen yanacağa çevirən nadir maddələrdən biridir. Mis güclü katalizator kimi təsir göstərib karbon qazı ilə elektrokimyəvi reaksiyaya girir. Bu yolla təkcə parnik qazları tullantılarını azaltmaq deyil, həm də karbon qazını faydalı metana və metanola çevirmək mümkündür.
Bir çox dünya alimləri misin köməyi ilə “havayı” karbon qazından yanacaq hasil etməyə qadir etibarlı qurğular yaratmağa çalışırlar. Lakin energetikada sanballı sıçrayış yolunda ciddi maneə vardır. Məsələ bundadır ki, mis sürətlə oksidləşir. Nəticədə onun karbon qazı ilə reaksiyası son dərəcə yavaşıyır, üstəlik, karbon oksid və qarışqa turşusu kimi xoşagəlməz kənar məhsullar əmələ gəlir.
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları sonunda bu müşkül problemin həllini tapmışlar. Onlar qızıl qatılmış xırda mis nanohissəciklər yaratmışlar. Yeni material oksidləşməyə qarşı davamlıdır və ən başlıcası isə xalis mislə müqayisədə onun karbon qazı ilə reaksiyasına daha az enerji tələb olunur.
Alimlər hibrid nanohissəciklər hazırlamaq üçün tərkibində qızıl olan duz məhlulunu tərkibində mis olan duz məhluluna qatmışlar. Sonra qatışığı qızdırıb və bir sıra reaksiyaların köməyi ilə elektrodlara çökdürmüşlər. Sonrakı eksperimentlər zamanı elektrodları içində karbon qazı olan qaba qoymuş və kiçik elektrik gərginliyi vermişlər. Zəif cərəyanda karbon qazı molekullarının elektrokimyəvi reaksiyasını müşahidə edən alimlər yeni texnologiyanın sənaye miqyasında yaxşı perspektivləri olduğunu görmüşlər. Doğrudur, karbohidrogen yanacağın yeni üsulunun geniş yayılması üçün çoxlu qızıl tələb olunacaqdır ki, bunu da yanacaq üçün ucuz xammal və elektrodların təkrara emalı kompensasiya edəcəkdir.
Amerika alimləri hazırda karbon qazını faydalı karbohidrogenə çevirmək üçün optimal konfiqurasiya yaratmaq məqsədilə mis-qızıl nanohissəcikləri əsaslı öyrənməyə çalışırlar. Tədqiqatçılar indiyədək üçdəbir hissəsi qızıldan və qalan hissəsi misdən, habelə üçdə iki hissəsi qızıldan, bir hissəsi misdən ibarət olan nanohissəciklər üzərində çalışmışlar. Gələcəkdə isə qiymətli metalın miqdarını azaltmaq, yanacaq hasilatının səmərəliliyini artırmaq tələb olunur.