İQTİSADİYYAT
Qobustan rayonunda sosial adaptasiya mərkəzi inşa olunacaqdır
Bakı, 11 iyul (AZƏRTAC). Yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik sosial adaptasiya mərkəzinin tikintisinə başlanacaqdır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, mərkəz qeyd olunan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması və digər işləri dövlət orqanları və Qeyri-Hökumət Təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində və öz səlahiyyətləri daxilində təmin edəcəkdir.
Qeyd edək ki, hazırda digər yeni sosial layihələr kimi, Bakı şəhəri, Sabunçu rayonunda gözdən əlillər üçün tədris bərpa mərkəzi, yetkinlik yaşına çatmayanlar üçün hər biri 50 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzi və sosial sığınacaq inşa edilir.