ELM VƏ TƏHSİL
Qubada 6-cı sinif “Fizika” və “Riyaziyyat” dərslik komplektlərinin müzakirəsi keçirilmişdir
Quba, 21 yanvar (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Quba Regional Bölməsinin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Fizika” və “Riyaziyyat” dərslik komplektinin müzakirəsini keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müzakirədə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak etmişlər. Müzakirə başlamamışdan öncə 20 Yanvar - Ümumxalq Hüzn günü münasibətilə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
TQDK-nın şöbə müdiri Afiqə Batıyeva ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi və TQDK ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın mahiyyəti haqqında ətraflı məlumat vermişdir. Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Fizika” dərslik komplektinin müzakirəsi zamanı TQDK-nın fizika fənni üzrə elmi-metodiki seminarının rəhbəri, professor Müsavər Musayev dərslik komplektinin monitorinqi barədə ətraflı məlumat vermişdir. AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi Əlövsət Rəcəbli dərslik komplektinin tədrisi birinci yarımildə nəzərdə tutulmuş hissəsinə dair materialı təqdim etmiş, TQDK-nın fizika fənni üzrə eksperti, professor Namiq Əhmədov isə dərslik komplekti haqqında fikir və qeydlərini bildirmişdir. Sonra çıxışlar ətrafında müzakirələr aparılmışdır.
Təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Riyaziyyat” dərslik komplektinin də müzakirəsi keçirmişdir.
Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi və TQDK ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın mahiyyəti haqqında ətraflı məlumat verildikdən sonra müzakirələrə başlanılmışdır.
Müzakirədə TQDK-nın riyaziyyat fənni üzrə ekspertləri - Bakı Dövlət Universitetinin dosenti İmran Abdullayev və Bakı şəhər 313 nömrəli tam orta məktəbin müəllimi Asif Cümşüdov “Riyaziyyat” dərslik komplektinin monitorinqi barədə məlumat vermişlər. Bakı şəhər 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazov dərslik komplektinin tədrisi birinci yarımildə nəzərdə tutulmuş hissəsinə dair rəyi təqdim etmişdir.
Dərslik komplekti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.
Müzakirədən sonra tədbir iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər.