İQTİSADİYYAT
Qubada elmi-praktiki konfrans keçirilmişdir
Bakı, 4 iyun (AZƏRTAC). İyunun 4-də Qubada İqtisadi İnkişaf Nazirliyinin (İİN) və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Regionlarda ixrac yönümlü məhsul istehsalı: mövcud potensial və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfransda müvafiq dövlət qurumlarının, Quba-Xaçmaz regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi-tədris müəssisələrinin məsul şəxsləri və sahibkarlar iştirak etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Quba şəhər icra hakimiyyətinin başçısı Rauf Həbibov çıxışında son illər regionların sürətlə inkişaf etdiyini, dövlətimizin başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Qubada da yeni istehsal və xidmət müəssisələrinin, müasir sosial infrastruktur obyektlərinin yaradıldığını, yeni iş yerlərinin açıldığını diqqətə çatdırmışdır.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu bildirmişdir. Nazir müavini qeyri-neft ixracının artırılması istiqamətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalının beynəlxalq standartlara uyğun olaraq təşkilinin və qabaqcıl təcrübənin tətbiq olunmasının xüsusi əhəmiyyət daşıdığını bildirmişdir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, İİN-in regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, sahibkarlığın inkişafı siyasəti şöbəsi müdirinin müavini Hüseyn Paşayev, iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi müdirinin müavini Nizami Qasımov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü və düşünülmüş iqtisadi siyasət nəticəsində regionların investisiya potensialının artdığını, sahibkarlığın inkişafına kompleks dövlət dəstəyi tədbirlərinin genişləndiyini, dövlət proqramlarının uğurla icra olunduğunu, regionlarda infrastruktur, sosial-mədəni, istehsal və emal obyektlərinin yaradıldığını, regionların inkişafında sahibkarlığın rolunun artdığını vurğulamışlar.
İİN-in xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov region sahibkarlarının potensial ixrac bazarlarına çıxış imkanları, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında “GSP+” proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, akademiyanın müxbir üzvü Əli Nuriyev, və İİN-in İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev elmi-tədqiqatların nəticələrindən istifadə etməklə innovasiyalı sahibkarlığın inkişafı və Quba-Xaçmaz iqtisadi rayonunun potensialı barədə məlumat vermiş, ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi araşdırmaların zəruriliyini vurğulamışlar. Bildirmişlər ki, aparılan tədqiqatların praktiki əhəmiyyətinin artırılması üçün elmi-tədqiqat və layihə institutları ilə təsərrüfat subyektləri arasında əlaqələrin daha sıx qurulmasının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
Konfransda İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Həzi Eynalov “Ekoloji təmiz kənd təsərrüfatı, əsas prinsipləri və ixrac yönümlülüyü” mövzusunda təqdimatla çıxış etmişdir.
Sonda konfransda səsləndirilən təkliflərlə bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır.