ELM VƏ TƏHSİL
Qubada “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə təşkil edilib
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə bölgələrdə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda silsilə mühazirələr təşkil edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev Quba Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə deyib.
İ.Quliyev Ümummilli Liderin Azərbaycan mətbuatına münasibəti, mətbuatın inkişafındakı xidmətləri, jurnalistikaya və jurnalistlərə verdiyi dəstək barədə danışıb. Qeyd edilib ki, müstəqillik illərində Azərbaycan mətbuatının formalaşması, mükəmməl qanunvericilik bazasının yaradılması görkəmli dövlət xadiminin adı ilə bağlıdır. Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə MDB məkanında ilk dəfə Azərbaycanda senzura ləğv olunub, mətbuata dövlət dəstəyinin əsası qoyulub.
Sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Bilik Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə Quba Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Seyid Cabbarov bildirib ki, Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü rayonda geniş qeyd edilir, müxtəlif tədbirlər keçirilir. Bilik Fondunun təşkilatçılığı ilə keçirilən bu mühazirə də həmin tədbirlərin tərkib hissəsidir.