ELM VƏ TƏHSİL
“Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr olunmuşdur



Bakı, 12 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr etmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi və baş redaktorluğu ilə nəşr edilən monoqrafiya erməni işğalı altında qalan qədim Azərbaycan yurdu Qubadlının tarixi haqqındadır. Əsər ən qədim zamanlardan yaşadığımız günlərədək Qubadlı tarixini əhatə edir. Tədqiqatda Qubadlının qədim Azərbaycan torpağı Zəngəzurun ayrılmaz tərkib hissəsi olması təkzibolunmaz tarixi faktlar və arxiv sənədləri əsasında sübut olunur. Əsərdə Qubadlının qəhrəman oğullarının erməni işğalçılarına qarşı mübarizəsinə, erməni təcavüzkarlarının rayon ərazisində törətdikləri dağıntılara, tarixi abidələri məhv etmələrinə və törətdikləri vəhşiliklərə dair faktlara geniş yer verilmişdir.
Beş fəsildən ibarət olan monoqrafiya elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Monoqrafiyanın yığcam variantı rus və ingilis dillərində də nəşr edilmişdir.