SİYASƏT
QURTULUŞUN ƏSASINI QOYMUŞ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN GƏLƏCƏYİNİN GƏNCLƏRDƏN ASILI OLDUĞUNU BİLDİRİRDİ
AZƏRTAC xəbər verir ki, bu fikir iyunun 12-də 15 iyun - Milli Qurtuluş gününün 15 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetində Səbail Rayon İcra Hakimiyyəti ilə birlikdə keçirilmiş təntənəli tədbirdə səslənmişdir.
Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, qarşısına gül dəstələri qoymuşlar.
Tədbir iştirakçıları ümummilli liderimiz, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin nurlu xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Universitetin rektoru Yusif Məmmədov tədbiri açaraq iştirakçıları bayram münasibətilə təbrik etmiş, Milli Qurtuluş gününün əhəmiyyətindən danışmışdır. O, ötən əsrin 90-cı illərinin əvvəlindəki hərc-mərclik dövründə gedən mürəkkəb və ziddiyyətli prosesləri də xronoloji ardıcıllıqla xatırlatmışdır. Bildirmişdir ki, məhv olmaq və parçalanmaq həddinə çatmış dövlətçiliyimiz və xalqımız ulu öndərin uzaqgörənliyi, qətiyyəti və iradəsi sayəsində qurtulmuşdur. Ümummilli lider tərəfindən düşünülmüş siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə həyata keçirildiyi xüsusi vurğulanmışdır.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov bildirmişdir ki, həmin dövrün ağırlığını, vəziyyətin mürəkkəbliyini heç kim Heydər Əliyev qədər anlaya, dərk edə bilməzdi, heç kim respublikada baş verən prosesləri, xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış ssenariləri onun qədər görə və bunun qarşısını almaq üçün hansı addımların atılmasının vacibliyini müəyyənləşdirməyi bacarmazdı. Milli Qurtuluşun Azərbaycan xalqını nədən qurtardığı sualına cavab verən natiq, ilk növbədə xaosun, özbaşınalığın aradan qaldırıldığını, milli dövlətçiliyimizin xilas edildiyini, nadanlığa və cahilliyə son qoyulduğunu qeyd etdi. S.Ələkbərov Milli Qurtuluşun bizə bu gün sürətlə inkişaf edən, gündən-günə çiçəklənən Azərbaycanı verdiyini də xüsisi vurğuladı.
Ümummilli liderin 1993-cü il sentyabrın 22-də Azərbaycan gənclərinin nümayəndələri qarşısında etdiyi nitqə toxunan icra başçısı burada müstəqil dövlətimizin inkişaf etdirilməsi məqsədi ilə gənclərimiz qarşısında duran vəzifələrdən, onların quruculuq işlərinə fəal surətdə qoşulamasının vacibliyindən, dünyadakı yaşıdları ilə bərabər səviyyəyə qalxmaları üçün elmə, təhsilə yiyələnmələrinin əhəmiyyətindən danışıldığını qeyd etdi. S.Ələkbərov həmin nitqin tarixi əhəmiyyətini nəzərə alaraq onun əsasında sənədli videodisk hazırlandığını və kitab şəklində universitetin nəşriyyatı tərəfindən çap olunduğunu da diqqətə çatdırdı.
Tədbirdə həmin videofilm nümayiş etdirilmiş, kitab iştirakçılara paylanmışdır.