İQTİSADİYYAT
Qusarda 110 kV-lik “Ləzə” yarımstansiyası inşa olunacaqdır
Bakı, 16 aprel (AZƏRTAC). Elektrik Enerjisinin Ötürülməsi İdarəsində 330 kilovoltluq (kV) Goranboy paylayıcı məntəqə - İmişli yarımstansiyasının hava xəttinin (HX) tikintisi davam edir. HX-in 25 kilometrdən (km) artıq hissəsi tikilmişdir. Eyni zamanda, 110 kV-luk ikidövrəli “ Xaçmaz-Şahdağ” elektrik stansiyalarının HX-lərinin tikinti-quraşdırma işləri aparılır. Layihə bu il başa çatdırılacaqdır.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, “Şahdağ” Qış-Yay Turizm Kompleksinin elektrik təchizatı üçün Qusar rayonunda 110 kV-lik “Ləzə” yarımstansiyası (YS) inşa olunacaqdır. Bu məqsədlə ümumi uzunluğu 64 km olacaq iki 110 kV-lik “Şahdağ ES- Ləzə YS” hava HX-in tikintisi üçün lazımi tədbirlər görülür. Tikintiyə bu il başlanılacaqdır.
220 kV-lik 2-ci “Mingəçevir” hava xəttinin yenidən qurulması da gündəlikdə duran məsələlərdəndir. Artıq layihə-smeta sənədləri hazırlanmışdır. HX-in tikintisinə yaxın zamanlarda başlanılması planlaşdırılır.