DÜNYA
Radioaktiv yodu şüşədə gizlədəcəklər
Bakı, 30 yanvar (AZƏRTAC). ABŞ-ın Energetika Nazirliyinin Atom enerjisi idarəsi tərəfindən maliyyələşdirilən bir qrup alim işlənmiş nüvə yanacağından əmələ gələn radioaktiv materialları aradan qaldıra bilən yeni material hazırlamışdır.
Gələcəkdə üzvi metal strukturlar (MOF) işlənmiş nüvə yanacağından yaranan uçan radioaktiv qazları səmərəli surətdə aradan qaldıra biləcək və beləliklə, nüvə energetikasını daha təhlükəsiz və ekoloji cəhətdən təmiz edəcəkdir. Bundan başqa, qəzalı nüvə reaktorlarını radioaktiv materiallardan təmizləmək imkanı yaranacaqdır.
İşlənmiş nüvə yanacağı parçalanan materialları bərpa etmək və atom elektrik stansiyaları üçün təzə yanacaq yaratmaq məqsədi ilə emal oluna bilər. Fransa, Rusiya və Hindistan kimi ölkələr belə emalla fəal məşğul olur və beləliklə, yüksək aktiv tullantıların həcmi azalır.
Amerika alimləri işlənmiş yanacağın parçalanma texnologiyasını işləyib hazırlamışlar. Bu texnologiya emalın keyfiyyətini xeyli artırmağa və tullantıların miqdarını azaltmağa imkan verir.
Emalın əsas problemlərindən biri yanacaq kimi təkrar istifadə oluna bilməyən radioaktiv komponentlərin aradan qaldırılması və təcrid edilməsidir. Alimlər diqqəti izotopları çox gec - 16 milyon ilə parçalanan yodun ləğv edilməsi üzərində cəmləşdirmişlər.
Tədqiqatçılar müxtəlif məlum materialları, o cümlədən gümüş seoliti - böyük səth sahəsi və yüksək mexaniki, termik və kimyəvi sabitliyi olan kristal, məsaməli mineralı öyrənmişlər. Seolitin xüsusi strukturu gümüş əlavə etdikdə işlənmiş nüvə yanacağından radioaktiv yodu tutub ləğv etməyə imkan verir.
Lakin gümüş bahadır və ətraf mühiti çirkləndirir. Buna görə də alimlər seolit kimi, amma gümüşsüz işləyən material yaratmağa çalışmışlar. Nəticədə ZIF-8 adlandırılan üzvi metal struktur yaradılmışdır. MOF məsaməli kristal materialdır və burada metal mərkəz kimyəvi sintez prosesində üzvi molekullarla əlaqədardır. Ağ rəngli toz olan MOF ucuz, kommersiya baxımından əlverişli maddələrdən hazırlanır, radioaktiv yodu effektiv şəkildə aradan qaldırmağa və onu uzun müddət saxlamaq üçün şüşə konteynerlərə yerləşdirməyə imkan verir.