ELM VƏ TƏHSİL
Regional mərkəzin fəaliyyətində İnformasiya Texnologiyaları İnstitutunda aparılan tədqiqatlardan istifadə oluna bilər
Bakı, 27 yanvar, AZƏRTAC
Dünya İqtisadi Forumunun Azərbaycanda yaradılacaq regional mərkəzinin fəaliyyətində AMEA İnformasiya Texnologiyaları İnstitutunda aparılan tədqiqatlardan istifadə oluna bilər.
Bu barədə institutun elmi şurasının iclasında şöbə müdiri Rasim Mahmudov məlumat verib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə müdiri iclasda Dünya İqtisadi Forumunun regional mərkəzləri haqqında ətraflı danışıb. O, yanvarın 21-də Azərbaycan Respublikası və Dünya İqtisadi Forumu arasında niyyət protokolu imzalandığını xatırladaraq bildirib ki, yeni texnologiyaların səmərəli tətbiqi və onlardan gəlir əldə edilməsini sürətləndirmək, riskləri minimuma endirmək, dövlət-özəl sektor əməkdaşlığına nail olmaq regional mərkəzlərin əsas məqsədidir. Dövlət orqanları, akademik qurumlar, universitetlər, tədqiqat mərkəzləri, habelə biznes qurumları, qeyri-kommersiya təşkilatları isə regional mərkəzlərdə əməkdaşlıq subyektləri hesab olunur.
Dördüncü sənaye inqilabının texnoloji və sosial-iqtisadi trendləri barədə danışan R.Mahmudov institutda süni intellekt, əşyaların interneti, Big Data, bulud, 3D-çap, bloqçeyn texnologiyaları istiqamətlərində araşdırmalar aparıldığını qeyd edib.