CƏMİYYƏT
Regionlarda ictimai iştirakçılıq təşviq ediləcək
Bakı, 28 fevral, AZƏRTAC
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, layihənin rəhbəri Cəsarət Hüseynzadə bu barədə məlumat verərək qeyd edib ki, məqsəd ictimai iştirakçılığı təşviq etməklə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığının artırılmasına dəstək göstərməkdən ibarətdir.
Onun dediyinə görə, layihə çərçivəsində Sumqayıt, Şirvan şəhərləri, Salyan və Quba rayonlarında ictimai iştirakçılıqla əlaqədar maarifləndirici tədbirlər təşkil ediləcək. Eyni zamanda həmin regionda ictimai iştirakçılığın vəziyyəti ilə bağlı monitorinqlər aparılacaq və reportajlar hazırlanacaq. Həmçinin layihə çərçivəsində ictimai iştirakçılıq haqqında buklet hazırlanaraq vətəndaş cəmiyyəti təşkilatları və dövlət qurumları nümayəndələri arasında paylanılacaq.
Layihə üç ay müddətində davam edəcək.