SİYASƏT
REGİONUN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASINA KƏNAR QÜVVƏLƏR MÜDAXİLƏ EDƏ BİLMƏZ
Tehran, 14 dekabr (AZƏRTAC). İranda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 14-də bu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələləri müzakirə olunmuşdur.
Regionun təhlükəsizlik məsələlərinə kənar qüvvələrin müdaxiləsinin yolverilməz olduğunu vurğulayan S.Cəlili bildirmişdir ki, Cənubi Qafqaz və Xəzər regionunda təhlükəsizlik məsələləri yalnız region ölkələrinin işidir. İran ilə Azərbaycan arasında ikitərəfli təhlükəsizlik əlaqələri də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri E.Məmmədyarov da vurğulamışdır ki, regionun təhlükəsizliyinin təmin olunmasına hər hansı kənar qüvvənin müdaxiləsi yolverilməzdir.
Ölkələrimiz arasında münasibətlərin qardaşlıq və yaxın qonşuluq səviyyəsində olduğunu deyən E.Məmmədyarov, rəsmi Bakının Tehran ilə əməkdaşlığın inkişaf yollarını araşdırdığını qeyd etmişdir.