CƏMİYYƏT
Respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək
Bakı, 30 iyul, AZƏRTAC
Avqustun 1-dən 31-dək ölkə ərazisində “Təmiz hava” aylığı keçiriləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, aylığın keçirilməsində əsas məqsəd atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınması və bu prosesə nəzarətin gücləndirilməsidir.
Tədbirlə əlaqədar nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin nəzərinə çatdırılır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasından sonra istismar etməlidirlər.
V.Əsədov deyib ki, Azərbaycan Prezidentinin 2004-cü il 11 noyabr tarixli 517 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin rəhbərliyinin birgə təsdiq etdiyi tədbirlər planına uyğun olaraq avqustun 1-dən ölkə ərazisində “Təmiz hava” adı altında təhlükəsizlik aylığına start veriləcək. Nəqliyyat vasitələrindən normadan artıq atılan zərərli tullantıların qarşısının alınması sahəsində işin səmərəliliyinin artırılması məqsədilə avqust ayı ərzində ölkə ərazisində, o cümlədən paytaxtda mütəmadi tədbirlər, reydlər keçiriləcək. Ətraf mühitin və ümumiyyətlə atmosferin sağlamlaşdırılması istiqamətində hazırlanmış tədbirlər planının tələbinə uyğun olaraq təhlükəsizlik aylığı çərçivəsində avtomobil təsərrüfatı olan müəssisələrdə və təşkilatlarda xüsusi cihazlar vasitəsilə reydlər keçiriləcək. Yol hərəkətində istismar edilən nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə olmalıdır. Mühərrikin ixrac etdiyi dəm qazının tərkibində karbon oksidinin miqdarı normadan artıq olduqda nəqliyyat vasitəsi texniki cəhətdən nasaz hesab edilir və həmin avtomobili idarə edən sürücü texniki nasazlığa görə məsuliyyətə cəlb edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər də buna görə məsuliyyətə cəlb olunurlar.