REGİONLAR
Respublikada üzümçülük rayonları üzrə məlumat bankının yaradılması ilə əlaqadar geniş tədqiqat və araşdırmalar aparılır
Bakı, 11 iyul (AZƏRTAC). Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun əməkdaşları tərəfindən respublikada üzümçülük rayonları (zonaları) üzrə məlumat bankının yaradılması ilə əlaqadar geniş tədqiqat və araşdırmalar aparılaraq müvafiq elmi məlumatlar toplanmış və mövcud məlumatlar daha da zənginləşdirilmişdir.
Bu sözləri Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov AZƏRTAC-a müsahibəsində bildirmişdir.
Onun sözlərinə görə, əldə olunmuş materiallar əsasında institut tərəfindən “Azərbaycanda üzümçülük” və “Azərbaycanın üzüm sortları” adlı kitablar nəşr edilmişdir. Habelə institutda respublikanın müxtəlif torpaq-iqlim şəraitinə uyğun üzümçülük və şərabçılığın inkişaf etdirilməsi və ixtisaslaşma istiqamətlərinin müəyyən edilməsi istiqamətində tədqiqat işləri həyata keçirilir və bu sahədəki işlərin genişləndirilməsi nəzərdə tutulur.
T. Pənahov vurğulamışdır ki, institutda və onun təcrübə stansiyalarında, dayaq məntəqələrində bölgələrin torpaq iqlim şəraitinə uyğun olan perspektiv süfrə və texniki üzüm sortlarının öyrənilməsi, yeni sortların yaradılması, onların təzə üzüm və şərabçılıq məhsullarının istehsalının hansı istiqamətində istifadə olması sahəsində tədqiqat işləri həyata keçirilir. Gəncə təcrübə stansiyasında şampan şərablarının istehsalı üçün yararlı olan “Bəhrəli”, “Şirəli” və digər sortlar yaradılmış, onların seleksiyası başa çatdırılmışdır.