Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSUL RZANIN 100 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2010-cu ilin may ayında Azərbaycanın xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın (Rəsul İbrahim oğlu Rzayevin) anadan olmasının 100 illiyi tamam olur.

Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanmışdır. Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublikamızın elmi-mədəni həyatında yaxından iştirak etmiş, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.

Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin