İQTİSADİYYAT
Riskli vergiödəyicisinin fəaliyyəti operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır
Bakı, 17 fevral, AZƏRTAC
2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergiödəyicisinin riskli vergiödəyicisi olması onun fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 83.7-ci maddəsinin müddəalarına əsasən, vergiödəyicisi riskli vergiödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ var. Həmçinin Vergi Məcəlləsinin 87.3-1-ci maddəsinə əsasən, riskli vergiödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olunmuş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. Bundan əlavə, Vergi Məcəlləsinin 89.3-cü maddəsinin müddəalarına əsasən, vergiödəyicisi riskli vergiödəyicisi olduğu halda, vergi orqanı vergiödəyicisinə yazılı bildiriş göndərməklə, ondan vergi öhdəliyini dərhal yerinə yetirməyi tələb edə bilər.