ELM VƏ TƏHSİL
Robotlar böyük mükafat uğrunda var gücləri ilə yarışıblar
Bakı, 9 iyun, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatının Pomona şəhərində ABŞ Müdafiə Nazirliyinin İrəli Araşdırma Layihələri Agentliyinin (DARPA) təşkil etdiyi robot yarışmasının növbəti müsabiqəsi keçirilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, müsabiqə 2011-ci ildə Yaponiyada zəlzələ nəticəsində “Fukusima-1” Atom Elektrik Stansiyasında baş verən nüvə qəzasından sonra, bu cür fəlakətlər zamanı insanların daxil ola bilmədikləri təhlükəli yerlərdə robotlardan istifadə edilməsi məqsədi ilə təşkil olunub.
Müsabiqədən əvvəl robotlara hazırlıq üçün yarım saat vaxt ayrılıb. Tapşırığı yerinə yetirərkən yıxılan və digər robotların köməyi ilə ayağa qalxan robotların isə vaxtından 10 dəqiqə kəsilib.
ABŞ, Almaniya, Yaponiya, Koreya, İtaliya və digər ölkələrdən olan 23 robotun iştirak etdiyi müsabiqədə robotlar eyni zaman çərçivəsində dörd komandaya ayrılaraq verilən tapşırıqları yerinə yetiriblər. Səkkiz mərhələli bu müsabiqədə hər bir komandaya bir saat vaxt verilib. Robotlar maşını idarə edib, qapı açaraq hadisə yerinə daxil olub və orada qarşılarına çıxan istənilən maneəni dəf edərək bacarıq nümayiş etdiriblər.
FAIRPLEX stadionuna toplaşmış texnologiya həvəskarları dünyanın ən inkişaf etmiş robotlarının çıxışına tamaşa ediblər. Müsabiqənin qalibi Koreyanın “KAIST” komandası iki milyon dollar pul mükafatına sahib olub. “IHMC Robotics” ikinci, “TARTAN Rescue” isə üçüncü yerləri tutaraq 3,5 milyon dollar pul mükafatını bölüşüblər.