ELM VƏ TƏHSİL
Rumıniyanın peşə təhsil sistemi öyrənilir
Bakı, 18 fevral, AZƏRTAC
Avropa İttifaqının maliyyələşdirdiyi "Azərbaycanda milli kvalifikasiya çərçivəsinin icrasına dəstək" layihəsi çərçivəsində Rumıniyanın paytaxtı Buxarestdə "Rumıniyada qeyri-formal və informal təhsilin tanınması" mövzusunda təlim başlayıb.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təlimdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, eləcə də mərkəzin rəhbər və mühəndis pedaqoji heyəti iştirak edir.
Təlimin birinci günündə iştirakçılara Rumıniyanın peşə təhsil sistemi haqqında məlumat verilib. “İon Gnica” İqtisad Kollecində təlim zamanı peşə təhsili proqramlarının icrası və təşkili mövzusunda təqdimat keçirilib. Sonra təlim iştirakçıları kollecin maddi-texniki bazası ilə tanış olublar.