SİYASƏT
Rusiya Daxili İşlər Nazirliyinin Yaroslavl vilayəti üzrə İdarəsi Rusiya Xalqları Assambleyasının regional bölməsi ilə əməkdaşlıq haqqında saziş imzalamışdır
Bakı, 5 dekabr (AZƏRTAC). Yaroslavl polisi və Rusiya Xalqları Assambleyasının (RXA) regional bölməsi uzun illərdir əməkdaşlıq edir. İndi bu konstruktiv əməkdaşlıq “RF-nin milli siyasət strategiyası və müasir cəmiyyətdə millətlərarası münaqişələrin profilaktikasının mexanizmləri” adlı “dəyirmi masa” arxasında imzalanmış qarşılıqlı sazişlə möhkəmləndirilmişdir. Bu barədə AZƏRTAC-a Yaroslavldakı Azərbaycan diasporundan məlumat vermişlər.
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Yaroslavl vilayəti üzrə İdarəsinin rəisi, general-mayor N.Trifonov, daxili işlər orqanlarının bölmə rəhbərləri, Yaroslavl qubernatorunun milli məsələlər üzrə müşaviri A.Timçenko, Yaroslavl regionunun elm xadimləri, habelə etnomədəni birliklərin liderlərinin iştirak etdiyi “dəyirmi masa”da Yaroslavl vilayətində dövlətin milli siyasətinin həyata keçirilməsinin, ksenofobiyanın, millətlərarası münaqişələrin və etnik ekstremizmin profilaktikasının aktual məsələləri müzakirə edilmişdir.
Yaroslavl vilayəti qubernatorunun milli məsələlər üzrə müşaviri A.Timçenko Yaroslavl polisinin sabitliyin və təhlükəsizliyin təmin edilməsi, millətlərarası münasibətlərin tənzimlənməsi məsələlərində açıq və maraqlı olduğunu vurğulamışdır.
Rusiya DİN-in Yaroslavl vilayəti üzrə İdarəsinin rəisi N.Trifonov sazişi imzalayarkən demişdir: “Cəmiyyətdə tərəfdaşlıq münasibətlərinin qurulması üçün şərait və mühitin yaradılması yalnız birgə səylərlə mümkündür. Hər bir münaqişəni yoluna qoyarkən və ya vəziyyət azacıq gərginləşən zaman hüquq mühafizə, yerli hakimiyyət orqanlarının və milli birliklərin liderlərinin operativ və razılaşdırılmış fəaliyyət göstərmələri vacibdir”.
Yaroslavl azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin prezidenti Asiman Hüseynov qarşıya qoyulmuş vəzifələrin icrasına məsuliyyətli yanaşmaya və operativ reaksiyaya görə Rusiya DİN-in Yaroslavl vilayəti üzrə İdarəsinin başçısı N.Trifonova və bütün şəxsi heyətə minnətdarlığını bildirmişdir.
Tədbirdə Rusiya DİN-in Yaroslavl vilayəti üzrə İdarəsi yanında İctimai Şurada millətlərarası münasibətlərin tənzimlənməsi məsələləri ilə məşğul olacaq ayrıca bölmə yaratmaq qərara alınmışdır.