DÜNYA
Rusiya Dövlət Duması ikili vətəndaşlıq barədə məlumatın gizlədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul etmişdir
Moskva, 15 may (AZƏRTAC). Rusiya Dövlət Duması Rusiya vətəndaşlarının digər ölkənin vətəndaşı olmaları barədə məlumatı gizlətməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması haqqında qanun layihəsini birinci oxunuşda qəbul etmişdir.
Rusiya Konstitusiyasının “RF vətəndaşlığı haqqında Qanun”una əlavə ediləcək dəyişikliyə əsasən, eyni zamanda, başqa ölkənin vətəndaşlığını da almış RF vətəndaşı bu barədə bir ay ərzində Federal Miqrasiya Xidmətinin (FMX) yerli orqanlarına məlumat verməlidir. Rusiya vətəndaşlarının digər ölkələrin də vətəndaşı olub-olmamasını RF Təhqiqat Komitəsi araşdıracaqdır. Artıq ikili vətəndaşlığı olan RF vətəndaşları qanun qüvvəyə mindikdən sonra üç ay ərzində bu barədə FMX-yə məlumat verməlidirlər.
İkili vətəndaşlığı olması barədə məlumatı gizlədən Rusiya vətəndaşlarını 200 min rubl məbləğində cərimə və ya 400 saatadək icbari iş cəzası gözləyəcəkdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva